Sosial şəbəkələrdə məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən çıxarılması barədə xəbərlər yayılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 5-də bu haqda açıqlama verib.
Komitədən verilən məlumata görə, ayrıca yaşayış sahəsi olan, lakin onu üçüncü şəxslərin adına rəsmiləşdirən bəzi məcburi köçkünlər dövlətdən əlavə yaşayış sahəsi əldə etmək istəyirlər.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış yaşayış massivlərində yerləşən mənzillər onların xüsusi mülkiyyətinə deyil, məhz müvəqqəti istifadəsinə təqdim edilir.
Yeni yaşayış sahələri ilə təmin edilmiş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə xitam verilir. Mənzillərin yeni sahiblərinin müəyyənləşdirilməsində şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yaşadıqları mənzillər özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.