Dünən, dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin son turunun oyunları keçirilib. “Qarabağ” səfərdə İsveçrənin “Bazel”inə 0:3 hesabı ilə məğlub olub.
“Bazel”in qollarını 33 və 74-cü dəqiqələrdə Artur, 62-ci dəqiqədə isə Kasami vurub. Beləliklə, Qurban Qurbanovun yetirmələri 11 xal toplayaraq qrupda 2-ci olub. Ağdamlılar turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Sözügedən mərhələdə “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq. Bunlar Çexiyanın "Sparta", Niderlandın “PSV”, İngiltərənin "Lester", Türkiyənin "Fənərbağça", Fransanın "Marsel", Danimarkanın "Midtyullan", Şotlandiyanın "Seltik" və Avstriyanın "Rapid" komandalarıdır. Püşkatma 13 dekabr tarixində keçiriləcək. Oyunlar isə fevralın 17-də və 24-də keçiriləcək.
Qrupun digər oyununda “Omoniya” ilə “Kayrat” arasında qolsuz heç-heçə qeydə alınıb.