İşğaldan azad olunmuş ərazilərimiz həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngin bölgədir. Bunu oktyabrın 26-da ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20%-i məhz işğaldan azad olunan ərazilərin payına düşür.
Bölgənin ən gursulu çayları ilə əhatə olunan Qubadlı rayonu ərazisindən iki çay keçir. Bu çaylardan ən böyüyü Bərgüşad çayı, ikincisi isə Həkəri çayıdır. Hər iki çay Araz çayının qollarıdır.
Hər iki çay su ehtiyatları baxımından çox zəngindir və bu çayların Azərbaycanın ümumi su ehtiyatlarına əlavə olunması həmin ərazilərin, eyni zamanda, Cəbrayıl, Ağdam, Füzuli rayonlarındakı əkin sahələrinin suvarılmasında, eləcə də yeni salınacaq Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin əhalisinin içməli su ilə təminatında böyük rol oynayacaq. Bu çayların üzərində iki su anbarının tikilməsi planlaşdırılır. Bununla bağlı layihələr artıq işlənilir.