Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı-Bakı-Almatı reysini ləğv edib. Bu haqda yanvarın 6-da Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, Almatı-Bakı aviareysinin təyyarəsi saat 13:05-də Bakıya enməli, saat 14:05-də isə Bakıdan Almatıya yola düşməli idi. Almatı, Aktobe və Aktau hava limanları həmin ölkədə etiraz aksiyalarının keçirilməsinə görə fəaliyyət göstərmir.
Qeyd edək ki, bugün AZAL da Bakı-Almatı reyslərini ləğv etmişdir. Bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.
Yanvarın 2-də Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib. Yanvarın 19-na kimi Qazaxıstanda fövqəladə vəziyyət elan edilib.