Azərbaycanda quşların elektrİk xətlərindən, eləcə də həmin xətləri quşlardan qorumaq üçün xüsusi qurğular quraşdırılır. Bu haqda 11 yanvar tarixində “Azərenerji” ASC-nin saytında məlumat verilib.
İlkin olaraq quşların ən çox tələf olduğu müşahidə edilən Goranboy, Yevlax, Bərdə, Ağcabədi, Salyan, Masallı və Ucar rayonlarının ərazisindən keçən hava xətlərində polimer materialdan hazırlanmış xüsusi konus tipli qurğular quraşdırılacaq. Sözügedən qurğuların uzaq məsafədən diqqət çəkən parlaq rənqi və quşlara dirəklərdə yuva salmağa imkan verməyən forması var.
Elektrik xətləri ilə təmas quşların məhv olmasının əsas səbəblərindən biridir. Elektrik cərəyanı vurması halları çox vaxtlar məhz iri quşlar, o cümlədən Azərbaycanın Qırmızı Kitabına daxil olan yırtıcı quşlar arasında baş verir.