“Bizim çox ciddi şəkildə rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyacımız var”. Bunu sentyabrın 24-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərindən təhsilin dizaynı” adlı Beynəlxalq Konfransda çıxışında bildirib.
Nazirin sözlərinə görə, COVID-19 dövrü distant və virtual işə tələbatın artdığını göstərdi: “Yaxın 10 ildə dünyada mövcud olan peşələrin təqribən 15%-nə tələbat kəskin azalacaq və yeni peşələrə ciddi ehtiyac yaranacaq”.
Sahil Babayev bildirib ki, öz sahəsi üzrə işləyən ixtisaslı işçi güvvəsinin sayı gözləntilərdən çox azdır. Bu səbəbdən o, işçi qüvvəsinin rəqabət qabiliyyətinin və kvalifikasiyasının artırılmasının vacibliyini vurğulayıb.
Konfransda nazir məlumat verib ki, Azərbaycanda məşğul əhalinin 36%-i kənd təsərrüfatında işləyir: “Lakin muzdla işləyənlərin içində bu faiz çox aşağıdır. Yəni bu sahədə işləyən insanlarımızın böyük bir əksəriyyəti ya professional olaraq işləmir bu istiqamətdə, ya da qeyri formal işləyirlər”.
Görülən işlərdən danışarkən, Sahil Babayev bildirib ki, son 3 ildə Azərbaycanda əmək müqavilələrinin sayı təqribən 30%, əmək haqqı fondu isə 83% artırılıb.