İran şirkəti Azərbaycanda su elektrik stansiyası (SES) tikəcək, vəsait hər iki dövlət tərəfindən ödəniləcək. Bu haqda 10 yanvar tarixində İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Məhəmməd Əli Fərəhnakiana istinadən Trend xəbər verib.
İran nümayəndəsinin sözlərinə görə, sərhəd çaylarından birgə əməkdaşlıq 50 ildən çoxdur ki, davam edir: “İki ölkənin Araz çayının potensialından maksimum şəkildə istifadə etmək üçün birgə planları var”.
O, həmçinin əlavə edib ki, İranın energetika naziri Azərbaycanda istilik elektrik stansiyası inşa etməyə hazır olduğunu elan edib: “Bununla əlaqədar Azərbaycan ərazisində stansiyanın inşa olunması üzrə araşdırmalar aparılacaq. Bu istilik elektrik stansiyasının elektriki birgə şəkildə istifadə ediləcək”.
Qeyd edək ki, iki dövlət arasında təsdiqlənən memoranduma əsasən, Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları inşa edilib. Sözügedən hidroqovşaqlar 1,6 milyard kubmetrdən çox su tutumuna malikdir.