İranın şəhərsalma və yollar nazirinin müavini Hayrullah Xademinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 5-də İrəvanda səfərdə olub. "Mehr-News" xəbər agentliyinin verdiyi məlumata görə, səfərin məqsədi Ermənistanın cənubundakı Gorus-Qafan hissəsinə alternativ olaraq tranzit yolun tikintisində İranın iştirakını müzakirə etməkdir.
İranın tranzit yük maşınları üçün alternativ marşruta çevriləcək yol Tatev qəsəbəsindən keçəcək.
“Biz yeni alternativ yolun inşasında Ermənistana kömək etməyə hazırıq. Ermənistan inşasını aylardır təkbaşına apara bilmir. Nə maddi imkanı çatır, nə mütəxəssis tapır”, - bu sözləri Hayrullah Xademi deyib.
Nəşr qeyd edir ki, son bir ay ərzində Azərbaycan Respublikası İran yük maşınlarının öz ərazisindən Ermənistana getməsinə qarşı sərt qaydalar tətbiq edib.
Xatırladaq ki, keçən ay Azərbaycan İrandan Ermənistana gedən yolun 20 kilometrlik hissəsindən keçən İran yük maşınlarından rüsum toplamağa başlamışdı. Bu hissə Azərbaycan ərazisindən keçir. Bu tədbir İranın yük maşınlarının Qarabağa getməsinin yolverilməz olması ilə bağlı Bakının dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymamasına və Azərbaycanın suverenliyinin pozulmasına cavab olaraq tətbiq edilmişdir.