Qazaxıstandan xarici ölkələrə uçuşların dayandırılması səbəbindən Azərbaycana geri dönə bilməyən vətəndaşların vəziyyəti ilə maraqlanılır və onlara müvafiq məlumat və tövsiyələr verilir. Bu barədə yanvarın 7-də Azərbaycanın Qazaxıstandakı Səfirliyi APA-ya məlumat verib.
Səfirlik Qazaxıstanda mövcud olan vəziyyət ilə əlaqədar sosial şəbəkələr vasitəsilə vətəndaşlara xəbərdarlıq ünvanlayıb və kütləvi toplaşmalardan çəkinməyi məsləhət görüb. Bununla yanaşı, vətəndaşlardan internetin qismən işlədiyini və rabitənin bəzi hallarda kəsildiyini nəzərə almaları xahiş olunub.
Məlumata əsasən, səfirlik öz fəaliyyətini adi iş rejimində davam etdirir, həmçinin Almatı şəhərindəki ofis, Aktaudakı Baş konsulluq və diaspora fəalları ilə mütəmadi olaraq əlaqə saxlayır. Hər hansı Azərbaycan vətəndaşının xəsarət alması ilə bağlı məlumat daxil olmayıb.
Vətəndaşlar səfirlik ilə +7 780 00 28 38 və ya +7 717 275 55 27 telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.
Yanvarın 2-də Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib. Yanvarın 19-na kimi Qazaxıstanda fövqəladə vəziyyət elan edilib.