Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadəyə və Təsərrüfat şöbəsinin keçmiş müdiri Səlim Əlizadəyə hökm oxunub. Bu barədə dekabrın 24-də Qafqazinfo məlumat paylaşıb.
Hökmə əsasən, onların hər birinə şərti cəza verilib. Həmçinin dəymiş maddi ziyanın 167 min manat məbləğində ödənilməmiş hissəsi Səlim Əlizadədən alınaraq XİN-ə ödənilməlidir.
Daha öncə, dekabrın 15-də saxlanılan şəxslərin 7 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub. İttihama görə, F. Mollazadə və S. Əlizadə digər şəxslər ilə əlbir olaraq çoxsaylı şirkətlər vasitəsilə nazirlik üçün ayrılan 2 milyon 543 min 173 manat vəsaitini mənimsəyiblər.
Fərhad Mollazadə dəymiş ziyanın 2,3 milyon manatını ödəyib.
Səlim Əlizadə Azərbaycanı “Avroviziya-2010”da təmsil etmiş müğənni Səfurə Əlizadənin atasıdır. O, həmçinin keçmiş Sənaye və Energetika naziri Natiq Əliyevin qudasıdır.