Saatlıda taxıl sahələrinin 40%-nə artıq gübrə səpilib. Bu barədə martın 10-da Azərtac məlumat verib.
Fermerlər, əsasən, azot və karbamiddən istifadə edirlər.
Qaralar kəndindən olan fermer Ələsgər Əhmədov bu il üçün 115 hektar sahədə taxıl əkib. O, hər hektara 150-200 kiloqram arasında azot gübrəsi verir.
Kamallı kəndindən olan Adil Adilov isə 90 hektar sahədə taxıl becərib. Fermer taxılın yemləmə gübrəsi üçün karbamiddən istifadə edəcəyini deyir. Onun məqsədi 300 ton məhsul toplamaqdır.
2022-ci ildə Saatlıda 18 min hektar sahədə taxıl səpini aparılıb. Sahələrin 70%-ni buğda, qalanını isə arpa təşkil edir.