Moskvada yerləşən Çerkizovski bazarının sabiq direktoru Telman İsmayılov Rusiyanın təqdim etdiyi order əsasında Monteneqroda saxlanılıb. Bu barədə oktyabrın 1-də Monteneqronun "Viesti" portalı məlumat yayıb.
Azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.
Rusiyanın Monteneqrodakı səfirliyi İsmayılovun saxlanılması ilə bağlı heç bir məlumat yaymayıb.
AST Şirkətlər Qrupunun sahibi iki biznesmen Vladimir Savkin və Yuri Brıyolevun qətlini təşkil etməkdə, həmçinin qanunsuz silah alverində ittiham olunur. İstintaqa əsasən, təqsirləndirilən şəxs cinayət planını qardaşları Rafik və Vaqif İsmayılovla birlikdə hazırlayıb.
Telman İsmayılovun direktoru olduğu Moskvanın ən böyük xırda topdansatış mərkəzi sayılan Çerkizovski bazarı 2009-cu ildə bağlanıb. Səbəb sanitar nəzarət orqanlarının orada çoxsaylı pozuntu aşkarlamasıdır.
Qeyd edək ki, İsmayılovun sərvəti onun uğurunun zirvəsində bir milyard dollar olaraq qiymətləndirilib.
[gallery columns="1" size="large" ids="8777"]