Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsalının stimullaşdırılması məqsədilə hər bir daxili bazar araşdırmalarının aparılmasına dövlət tərəfindən 20 min manatadək vəsait ayrılır. Bu barədə 23 sentyabr tarixində Report məlumat verib.
Azərbaycanda bazar araşdırmaları sahibkarların özləri və bu sahədə ixtisaslaşmış şirkətlər tərəfindən aparılır. Araşdırma digər konsaltinq şirkətləri tərəfindən aparıldıqda müəyyən xərc tələb edir. Ona görə də mikro və kiçik sahibkarlar çox vaxt bu kimi xidmətlərdən istifadə etməkdən imtina edirlər.
Mikro sahibkarların müraciəti əsasında aparılan araşdırmaya çəkilən xərcin 80%-i, kiçik sahibkarlar üçün keçirilən araşdırmanın xərcinin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə ödənişsiz təlim və seminarlarla təmin olunur.
Sahibkarlar xidmətdən yararlanmaq üçün ərizə formasını doldurmaqla birbaşa və ya elektron qaydada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etməlidirlər. Müraciət həm fərdi, həm də qrup şəklində qəbul edilir.
Bugünədək KOBİA-nın təşəbbüsu ilə 9 daxili bazar araşdırması aparılıb. Sözügedən bazar araşdırmaları ilə KOBİA-nın saytında tanış olmaq olar.