EY Azərbaycan şirkəti tərəfindən növbəti “EY İlin İş Adamı” müsabiqəsinə start verildi. Bu haqda 20 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin saytında məlumat verilib.
İş adamları proqrama qoşulmaq üçün ərizələrini 20 dekabr 2021-ci ilədək təqdim edə bilərlər.
Sözügedən proqrama istənilən sahədə fəaliyyət göstərən və şirkətinin ən azı 20% hissəsinə sahib olan iş adamları müraciət edə bilərlər. Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır.
“Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı əldə edəcəkdir. Bu, sahibkarlarımızı qlobal miqyasda diqqət mərkəzinə gətirmək üçün əla bir fürsət olacaq", - deyə müsabiqənin rəhbəri İlqar Vəliyev bildirib.
2021-2022-ci il “EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyini ABB və bp şirkəti göstərir.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı www.eoy.az saytından almaq olar.