Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 3 may tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə gecə saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Şəki sakininin idarə etdiyi BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən çaya düşüb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişin çıxarılaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.