“Startap” şəhadətnaməsi mikro və kiçik sahibkarların innovasiya sahəsində fəaliyyətinə dəstək vermək üçün təqdim olunan sənəddir.
Sözügedən şəhadətnamə vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir. Lakin bu şəhadətnaməni orta və iri sahibkarlar da əldə edə bilərlər. Bu zaman həmin təsisçilərin hüquqi şəxsdəki payı 49%-dən çox olmamalıdır.
“Startap” şəhadətnaməsinin üstünlüyü ondan ibarətdir ki, sahibkarlar şəhadətnaməni aldıqları tarixdən mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar.
Azərbaycanda bu şəhadətnamənin verilməsinə 2021-ci ilin may ayından etibarən başlanılıb və bugünə kimi 19 sahibkarlıq subyektinə şəhadətnamə verilib.
“Startap” şəhadətnaməsini əldə etmək üçün sahibkarlar ərizə formasını və lazım olan digər sənədləri yazılı formada və ya elektron qaydada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə göndərməlidirlər. Agentliyə daxil olan ərizələrə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Daha sonra şuranın rəyi əsasında şəhadətnamənin verilməsi və ya imtinası barədə qərar qəbul edilir.