Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli orta məktəbin 9b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 11-də koronavirusdan Bakıdakı xəstəxanada vəfat edib. Bu barədə APA xəbər verib.
Oktyabrın 5-də məktəbli qızdırma səbəbindən məktəbə getməyib. Əsgərov Kamildən test götürülərək onun koronavirusa yoluxduğu müəyyən edilib. Məlumata əsasən, şagirdin allergik həssaslığı olub.
Oktyabrın 6-da Kamil Sumqayıtda xəstəxanaya yerləşdirilib, sonra isə Bakıya göndərilib. Həmin gündən məktəblinin təhsil aldığı 9b sinfi distant təhsilə keçib. Bu sinfin əyani tədrisi oktyabrın 20-də bərpa olunacaq.
Daha öncə ibtidai siniflərdə sentyabrın 22-də, orta və yuxarı siniflərdə və universitetlərdə isə sentyabrın 29-da əyani dərslər başlanılıb. Lakin şagirdlərin koronavirusa yoluxduğuna görə Bakıda 162 nömrəli məktəbin bir sinfi, Baku-Oxford School-un bir sinfi və 23 nömrəli məktəbin üç sinfi onlayn tədrisə keçib.