Oktyabrın 5-də Sumqayıt şəhərində müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb. Bu barədə oktyabrın 6-da Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi deyib.
Onun sözlərinə görə, azyaşlının atası övladına sahib çıxmaq üçün onun yerləşdirildiyi sığınacağa müraciət edib və bundan sonra o, Dövlət Komitəsinə yönləndirilib. Valideynin izahatı alınıb və onunla psixoloji söhbət aparılıb. O, övladına sahib çıxmaq niyyətində olduğunu bildirib və bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib.
Azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək. Körpə atasına təhvil verilsə də, ailə Dövlət Komitəsinin nəzarətində olacaq.
Qeyd edək ki, dünən 2 yaşlı uşağın valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verildiyi barədə məlumatlar yayılıb. Qonşu azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirmişdi.