Bəzən hadisə yerinə təcili yardım avtomobilinin gec çatması barədə narazılıqlar səsləndirilir. Nəzərə almaq lazımdır ki, çağırışların sayı adi gündəkindən çoxdursa gecikmələr qaçılmazdır. Bunu yanvarın 5-də Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəsmisi Nuridə Fərzəliyeva bildirib.
Onun sözlərinə görə, paytaxt üzrə mövcud olan 139 briqada adi gündə 1700-1800 çağırışı gecikmədən maksimum 40 dəqiqəyə icra edə bilər: “Çağırış çox olanda çeşidləmə yolu ilə icra etməyə çalışırıq”.
Həmçinin həkim bildirib ki, bayram günlərində qida zəhərlənmələri elə də çox olmayıb və fövqəladə hal baş verməyib.
“Bununla yanaşı son vaxtlar COVID-19-la əlaqəli təcili yardıma müraciət sayı azalıb. Bəzən adi soyuqdəyməsi olanda da insan həkimə müraciət edib yoxlanmaq istəyir”, - deyə N.Fərzəliyeva vurğulayıb.