“Təhsil dövrünü yuxarıdan bir pillə artırmaqdansa, aşağıdan azaltmaq daha yaxşıdır. Məktəbəhazırlığın təhsilin birinci pilləsi kimi qəbul edilməsi daha uyğundur”. Bu haqda təhsil eksperti Kamran Əsədov Trend-ə bildirib.
Ekspert xatırladıb ki, 2013-cü ildə Prezident tərəfindən qəbul edilən təhsil inkişafı üzrə dövlət strategiyasına görə, Azərbaycan 12 illik təhsilə keçməlidir.
“12 illik təhsilə keçid deyəndə hər kəs fikirləşirdi ki, 1 il əlavə oxumaq lazım olacaq. Lakin təhsil naziri vəziyyətdən çıxış yolu təklif edib”, - deyə ekspert vurğulayıb.
Azərbaycanda mövcud qanunvericiliyə görə uşaqlar icbari olaraq məktəbə 6 yaşdan gedirlər, lakin 2016-cı ildən 5 yaşlı uşaqlar könüllü olaraq məktəbəhazırlıq qruplarına qoşulurlar. Həmçinin 3 və 4 yaşlı uşaqlar üçün pilot layihəsi çərçivəsində 50 rayonda hazırlıq mərkəzləri açılmışdır. Məlumata əsasən, daha sonra əlavə 50 mərkəz yaradılıb. Nəticədə hazırlıq mərkəzlərinə 3 min uşaq cəlb edilib. Bu o deməkdir ki, təhsil alma yaşının azaldılması əhali üçün o qədər də yeni bir ifadə deyil.
Ekspertin sözlərinə əsasən, valideynlərin narahatlığına səbəb olmamalıdır, çünki ibtidai sinif proqramı da sadələşdiriləcək.
“Bu yanaşma orta məktəblərdə müəllimlərin sayının və iş yerlərinin artmasına, ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə gətirəcək. Məktəbəhazırlıq qruplarına 5 yaşdan gedən uşaqların göstəriciləri getməyən uşaqlardan daha uğurludur, mənimsəmələri daha yaxşıdır”, - deyə Kamran Əsədov qeyd edib.
Daha öncə, oktyabrın 1-də təhsil naziri Emin Əmrullayev "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda məktəb yaşının azaldılmasını təklif edib. “Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər endirilməsinə çalışmalıyıq”, - deyə nazir bildirib.