“Milli döyüş təyyarəmizlə (MMU) bağlı ortaq istehsal üçün qapılarımız bizimlə əməkdaşlıq etmək istəyən ölkələrə açıqdır. Biz Azərbaycan, Pakistan kimi ölkələrlə bu məsələ ilə bağlı danışırıq və güclərimizi birləşdirmək təklifləri irəli sürürük”.
Bunu dekabrın 18-də Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin direktoru İsmayıl Dəmir “CNN-Türk”ə müsahibəsində bildirib. Onun sözlərinə əsasən, Türkiyə aviasiya və müdafiə sənayesi sahəsində təcrübəsi olan dövlətlərdən faydalanmaq təşəbbüsünü dəstəkləyir.
“Müsbət cavablar aldığımız ölkələrlə bu addımları daha da inkişaf etdirməyə davam edəcəyik”, - deyə qonşu ölkənin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Türkiyənin TUSAŞ şirkəti uzaq məsafədən vurma qabiliyyəti olan, modern radar sistemləri ilə təchiz edilən MMU-nun istehsalı üçün Britaniyanın “BAE Systems” şirkəti ilə 2017-ci ildə müqavilə imzalayıb. Təyyarənin ilk uçuşu 2025-ci ildə baş tutacaq.