“Azərbaycan Dəmir Yolları” QSC ilə Türkiyənin Ticarət Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə 25 dekabr tarixində Qurumun rəsmi səhifəsində məlumat verilib.
Türkiyənin nəqliyyat, tikinti, memarlıq və mühəndislik sahəsində tanınmış şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında yeni sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehovun sözlərinə görə, Türkiyə şirkətləri Qarabağın bərpa və quruculuq layihələrində fəal iştirak edir.
Görüşdə çıxış edən Türkiyənin Ticarət Nazirliyinin Beynəlxalq xidmət ticarəti üzrə rəisi Emre Öztelli isə öz çıxışında bildirib ki, Türkiyə şirkətləri azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etməkdə maraqlıdır.
Görüş çərçivəsində qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı təqdimat ediblər. Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində mövcud imkanların genişləndirilməsi müzakirə olunub.