Naxçıvanda 5-8 oktyabr tarixlərində Əlahiddə Ümumqoşun Ordunun və Türkiyə Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2021” birgə taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Azərbaycanın Türkiyə ilə bağladığı hərbi sahədə əməkdaşlıq sazişi çərçivəsində keçirilən təlimin məqsədi iki ölkə arasında hərbi fəaliyyətin təkmilləşdirilməsidir. Təlimdə motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşunlar praktiki fəaliyyətlərini yerinə yetiriblər.
Proqramda xüsusi təyinatlı qrupların yüksək dağlıq və sərt qayalıq ərazilərdə düşmən mövqelərinin ələ keçirilməsinə də diqqət yetirilib.
Komandirlər tərəfindən ərazi qiymətləndirilib və hərəkət marşrutları öyrənilib, xüsusi həmlə qrupları tərəfindən isə düşmənin optik cihazlarından və sərrast atəşindən yayınma fəaliyyətləri icra edilib.
Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterləri ilə təlim-məşq uçuşları keçirilib.
Azərbaycan və Türkiyənin birgə təlimləri 2013-cü ildən etibarən keçirilir.
Video: YouTube Azərbaycan Respublikası Müdafiə Nazirliyi