Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərov və Mail İbadovun məhkəməsi başlayır. Bu barədə dekabrın 17-də APA məlumat paylaşıb.
Tikinti şirkətinin təsisçisi “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə” və “vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda” maddələri ilə ittiham olunub.
Araşdırma şirkətin tikməli olduğu binadakı mənzillərlə təmin edilməyən bir çox vətəndaşın, o cümlədən Litva Respublikasının vətəndaşının müraciətləri əsasında aparılıb.
Elçin Ələkbərov digər vəzifəli şəxslərlə əlbir olaraq mənzil almaq üçün şirkətə müraciət etmiş şəxslərin ödənilmiş pul vəsaitlərini hesaba mədaxil etməyib. O, 1 milyon 380 min manat vəsaiti mənimsəyib. Nəticədə isə sözügedən binaların inşası başa çatdırılmayıb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı saxlanılan şəxsin və onun ailə üzvlərinin adına olan əmlaklar üzərinə həbs qoyulub.
Cinayət işi üzrə toplanılmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.