Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara əxlaqsız təkliflər etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirilib. Mayın 3-də həm universitetdən, həm də müəllimdən APA-ya açıqlama verilib.
E.Rəhimov söyləyib ki, yayılan video bir il əvvəl çəkilib və tələbələrlə heç bir əlaqəsi yoxdur.
“2021-ci ildə “Facebook”da “Messenger”imə müəyyən videolar gəlirdi. İstər-istəməz telefona gələn linkləri açıb baxırıq. Mən həmin videolara baxan kimi bağlayırdım”, - deyə o qeyd edib.
Müəllim, həmçinin əlavə edib ki, video onu şantaj etmək məqsədilə ictimailəşdirilib: “Mən artıq 5-6 ildir ki, universitetdə müəllim kimi fəaliyyət göstərirəm. Mənim tələbələrlə yalnız müəllim münasibətim var”.
Lənkəran Dövlət Universiteti tərəfindən qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılır, fakt təsdiqini tapsa, ən sərt formada ölçü götürüləcək.