Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Leyla Abdullayeva İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Livanın Əl-Manar telekanalına verdiyi müsahibəni şərh edərkən deyib.
Onun sözlərinə əsasən, Azərbaycan 44 günlük müharibə zamanı bəyan etmişdi ki, ölkə ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. İran Xarici İşlər Nazirliyi isə Azərbaycana qarşı böhtan kampaniyasını dayandırmır. Leyla Abdullayeva Prezident İlham Əliyevin sözlərinə istinadən əlavə edib ki, 100 mindən çox orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur.
“Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İranın səfirliyinə təqdim edib”, - deyə Leyla Abdullayeva vurğulayıb.
O, qeyd edib ki, ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.