Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkəti ilk dəfə “Xirdalan” pivəsinin yerli arpadan istehsalına başlayıb. Bu barədə 16 sentyabr tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Bununla bağlı keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, bu layihə ölkəmizdə yerli xammala əsaslanan istehsalın inkişafına və yeni iş yerlərinin açılmasına töhfə verəcək.
Pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatıran “Carlsberg Azerbaijan” zavodunun illik istehsal gücü 8 milyon dekalitrdir. Şirkətdə 250-dək işçi çalışır və əlaqədar sahələrdə 3 mindən çox iş yeri yaradılıb. Şirkətin istehsal etdiyi pivə markalarına “Xırdalan”, “Carlsberg”, “Baltika”, “Əfsanə”, “Kronenbourg Blanc 1664”, “Seth&Riley's Garage” kimi markalar aiddir.