Azərbaycan yazıçısı, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib. Bu barədə martın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, xalq yazıçısı dünən axşam Moskvada dünyasını dəyişib.
R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub.
Onun rejissor Nikita Mixalkovla birgə yaratdığı “Günəşdən usanmışlar” filmi 1994-cü ildə “Ən Yaxşı Xarici Dilli Film” kimi Oskar mükafatına layiq görülüb. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi isə bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.
R.İbrahimbəyov dünyanın 100 teatrında tamaşaya qoyulan 15 pyesin müəllifi olub və onun əsərləri əsasında 40-dan çox bədii film çəkilib.