Hüquqi şəxs ləğv olunduqda, fiziki şəxsin fərdi sahibkar fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə Dövlət Gömrük Komitəsi onun “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu ləğv edəcək. Bu barədə 18 dekabrda Prezident İlham Əliyev Fərman imzalayıb.
Daha öncə yalnız hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və yaxud vəfat etdikdə ləğv olunurdu.
Həmçinin Fərmanda bildirib ki, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar 12 ay ərzində təkrar aşkar edildikdə də buraxılış sistemindən daimi istifadə hüququ ləğv ediləcək.
"Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi xarici ticarət iştirakçıları üçün fiziki gömrük yoxlamalarını minimuma endirmək və məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirməkdir. Sözügedən sistemin buraxılış proseduru və ümumi üstünlükləri ilə link vasitəsi ilə tanış olmaq olar.