Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam etdirilir. Bu barədə aprelin 28-də AAYDA məlumat yayıb.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56,4 kilometr təşkil edir. Başlanğıcını isə Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürür.
Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 45 kilometrlik hissəsində torpaq yatağının inşası işləri davam etdirilir. Artıq layihə üzrə 46 dairəvi, 12 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 1 040 metr istinad divarı inşa olunub.
Tikinti işlərinin 2023-cü il ərzində yekunlaşdırılması nəzərdə tutulur. Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
[URIS id=44807]