Oktyabrın 4-də Yaponiya-Azərbaycan investisiya forumu keçirilib. Bu barədə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəsmi səhifəsində məlumat yayılıb.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Qarabağda və Şərqi Zəngəzurda quruculuq işləri, iqtisadiyyatın bərpa edilməsi və dirçəldilməsi üçün investisiya imkanları barədə yapon investorlarına məlumat verib.
Tədbirdə vurğulanıb ki, yapon investorlarının təsis etdiyi "TET International Development" şirkəti Azərbaycan Sahibkarlar Konfederasiyasının fəal üzvlərindən biridir. Son iki ildə TET şirkəti Zaqatala, Oğuz, Şəki və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açaraq ümumilikdə 10 milyon dollardan çox investisiya yatırıb.
Forum çərçivəsində Yaponiyanın “TET International Development” şirkəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
2020-ci ildə Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 200 milyon dollar təşkil edib.