“Rusiyadan gələn tikinti materiallarının qiymətləri qalxıb. Bu proses əvvəlcə panika xarakterli oldu. Sonradan bu, səngiməyə başladı, ancaq əvvəlki vəziyyətə qayıtmadı”, - deyə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov bildirib. Bu haqda aprelin 26-da Report məlumat verib.
O söyləyib ki, bahalaşma hələ bir müddət də davam edəcək. Sədr bahalaşma prosesini Rusiya və Ukrayna müharibəsindən savayı, neftin qiyməti ilə də əlaqələndirib: “Neftin qiyməti qalxıb. Bu, bütün məhsullara təsir edir. Ona görə hesab edirəm ki, yaxın gələcəkdə tikinti bazarının əvvəlki səviyyəyə qayıdacağını gözləməyə dəyməz”.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının nümayəndəsi Ramiz İsayevin fikrincə, hazırda rublun dəyərdən düşməsi də idxal olunan tikinti materiallarının qiymətinə təsir edən amillərdəndir.
Tikinti materialları üzrə ekspert Elnur Azadov isə Ukraynadan olan idxaldan danışıb: “Ən böyük problem Ukraynadan gətirilən inşaat materiallarının xammallarında var. Oradan artıq mal gəlmir. Mallar yalnız bəzi böyük partiyalarla ticarətlə məşğul olan şəxslərin anbarlarında qalıb. Onlar da qiymətləri kəskin artırıblar".