Bakıda bank kartlarından elektron məlumatları onlayn yolla ələ keçirən və pul vəsaitlərini oğurlayan “Arsenics” ləqəbli yeniyetmə saxlanılıb. Bu barədə DİN oktyabrın 29-da məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxs 5 ay ərzində 300-ə yaxın vətəndaşdan kibercinayətkarlıq üsullarından istifadə edərək 100 min manata yaxın pul ələ keçirib.
Paytaxt sakini İnstagram-da “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradaraq guya internet üzərindən falçılıq xidmətləri təklif edib. O, müraciət edən vətəndaşlara ödəniş üçün müxtəlif bank və saytların rəsmi prototiplərinə uyğun özünün hazırladığı saxta nümunələri təqdim etməklə zərərçəkənlərin kart məlumatlarını oğurlayıb.
Daha sonra yeniyetmə həmin hesablardan pulları açdığı elektron pul kisələrinə köçürüb, oradan isə şəxsi məqsədləri üçün həmin vəsaitlərlə onlayn alış-veriş edərək nağdlaşdırıb.
Bununla yanaşı, sözügedən şəxs daha çox pul vəsaiti ələ keçirmək və virtual cinayətkar dəstə yaratmaq məqsədi ilə Telegram-da kanal yaradıb. Orada yeniyetmə kanalın izləyicilərinə kibercinayət üsulları barədə onlayn təlimlər keçərək kart məlumatlarını ələ keçirib.
Saxlanılan şəxs onun yaşadığı mənzildən aşkarlanan sübutlar qarşısında qanunsuz əməllərini etiraf edib.
Faktla bağlı araşdırma davam edir.
Bank kartlarından istifadə zamanı təhlükəsizlik qaydaları ilə linkə daxil olaraq tanış olmaq olar.