Yevlaxda əmisi tərəfindən qaçırılan 13 yaşlı qıza mühafizə orderi verilib. Bu haqda dekabrın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu deyib.
O bildirib ki, order İcra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən təqdim edilib.
“Yeniyetmənin vəziyyəti nəzarətdə saxlanılır”, - deyə qurumun əməkdaşı söyləyib.
Qeyd edək ki, qardaşı qızını qaçıran şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı “14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə” və “14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma” maddələri ilə cinayət işi başlanılıb.
Azərbaycanda 2010-cu ildən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun tətbiq edilir. Qanuna əsasən, zərərçəkmiş şəxsə mühafizə orderi verilə bilər. Order məişət zorakılığını törətmiş şəxsə zərərçəkənə qarşı narahatlıq gətirən hərəkətlərin edilməsini qadağan edir.