Bugün, noyabrın 8-də Qarabağ qələbəsinin birinci ildönümü münasibətilə ölkədə Zəfər Günü qeyd olunur. Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini azad edib.
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun yaşayış məntəqələrimizə atəş açdığı üçün Azərbaycan cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Qarşıdurmalar qısa müddətdə İkinci Qarabağ müharibəsinə çevrilib.
İlk növbədə bir sıra kəndlər və strateji yüksəkliklər azad edilib. 44 gün davam edən müharibə ərzində oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilmişdir.
Şuşanın işğaldan azad olunması müharibənin taleyini həll edib. Ertəsi gün daha 70-dən çox kənd azad edilib və nəticədə Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olub.
Noyabrın 10-da gecə Ermənistan, Azərbaycan və Rusiya Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanat imzalayıb. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları siyasi yolla azad edilib.