Zəngəzur dəhlizi Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək. Bu haqda dekabrın 18-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.
Onun sözlərinə görə, bu dəhliz bütün regionun nəqliyyat kommunikasiyasının inkişafında rol oynayacaq.
"Dəhlizin yaradılması təkcə Cənubi Qafqazda nəqliyyat inteqrasiyasını genişləndirməyəcək, həm də Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək", - deyə nazir vurğulayıb.
Zəngəzur dəhlizi ölkəni Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Azərbaycan sözügedən dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Türkiyəyə birbaşa quru yolu əldə edəcək.
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq noyabrın 10-da imzalanan atəşkəs bəyanatının 9-cu maddəsində həmin dəhlizin qurulması qeyd olunur.