Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq. Bu barədə tikinti işlərini həyata keçirən şirkətin baş direktoru oktyabrın 20-də Prezident İlham Əliyevə bildirib.
Cari ilin aprel ayında təməli qoyulan Zəngilan Hava Limanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ikinci hava limanı kimi tikilib istifadəyə veriləcək. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometr təşkil edəcək. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.
Zəngilanda tikilməkdə olan hava limanının modelinin şəkilləri SkyscraperCity Azerbaijan Facebook səhifəsində yerləşdirilib. Onların müəllifi jurnalist, bloger və səyyah Azər Qəribovdur.
[gallery columns="2" size="large" ids="10919,10920"]
Prezidentin sözlərinə görə, Zəngilan rayonunun coğrafi yerləşməsi Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün şərait yaradır.
Füzulidəki hava limanında artıq bütün tikinti işləri yekunlaşıb. Oktyabrın 16-da isə Füzuli Hava Limanına beynəlxalq status verilib.