Böyük Britaniyada "Boelo" fırtınası nəticəsində ağacların aşması iki nəfərin ölümünə səbəb olub. Güclü külək və yağışla müşayiət olunan fırtına zamanı küləyin sürəti saatda 135 kilometrə çatıb, küçələri su basıb.
"Sky News"un məlumatına görə, Şotlandiyanın Kassl Duqlas şəhəri yaxınlığında 60 yaşlı kişi aşan ağacın altında qalaraq ölüb. Şimali Londonda isə 20 yaşlarında olan kişi avtomobilinin üzərinə ağac aşması nəticəsində həyatını itirib.
Perth və Kinross bölgəsinin Aberfeldi şəhərində daha iki qadın aşan ağacın zərbəsindən sonra xəstəxanaya çatdırılıb.
Fırtına nəticəsində yüz minlərlə evdə elektrik təchizatı kəsilib. Son məlumatda təxminən 90 min evin hələ də elektriksiz qaldığı bildirilir. Şotlandiya, Şimali İrlandiyanın bəzi hissələri və İngiltərənin şimalı güclü külək və yağışdan daha çox təsirlənib.
Həftəsonu üç gün ərzində ikinci fırtınanın təsirləri aradan qaldırılır. Bununla belə, meteoroloqlar qarşıdakı günlərdə də qeyri-sabit hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.