Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın vəzifəsindən ayrılacağı barədə məlumatlar yayılıb.
Insanoid.com xəbər verir ki, Türkiyənin "Günebakış" nəşri oktyabrın 25-də Saralın sabah, oktyabrın 26-da istefasını açıqlaya biləcəyini yazıb.
Məlumatlar onun Azərbaycanla bağlı son açıqlamalarından sonra yaranmış siyasi narazılıq fonunda yayılıb.
Xatırladaq ki, oktyabrın 12-də Oqtay Saral Azərbaycanda hicablı məktəbli qızlarla bağlı məsələyə münasibət bildirərək ölkə hakimiyyətini tənqid etmişdi. Onun açıqlaması Azərbaycanda etirazla qarşılanmışdı.
Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası rəsmi bəyanat yayaraq Saralın və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi deputatlarının açıqlamalarını Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirmişdi.
Bundan sonra Türkiyənin "Sözcü", "T24" və digər nəşrləri Azərbaycanın Ankaradan Oqtay Saralın vəzifədən uzaqlaşdırılmasını tələb etdiyi barədə iddialar yayıblar.
Lakin bu məlumatlar rəsmi təsdiqini tapmayıb.
Hələlik Türkiyə Prezident Administrasiyası və Oqtay Saralın özü də mümkün istefa barədə açıqlama verməyib.