Ağdaş xəstəxanasında körpə ölümlərinə görə iki həkim barəsində cinayət işi açılıb. Bu barədə İnsanoid bu gün, 1 avqust tarixində Baş Prokurorluğa istinadən xəbər verib.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində ötən il dekabrın 12-də Gülşən Bağıyeva ölü uşaq dünyaya gətirib, dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşaq ölüb.
Bu faktlar üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Nəticədə həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, eyni zamanda həkim Ziyafət Rüstamovanın Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbilə yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr aşkarlanıb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin “ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq” maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.