İnsanları işə düzəltmək adı ilə onların pullarını mənimsəyən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 20 aprel tarixində xəbər verir.
Vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən şəxsin əvvəllər məhkum olunmuş Rahil Fərəcov olduğu məlum olub.
Əməliyyat nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.
Arşadırmalar zamanı müəyyən edilib ki, R.Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib. Ona müraciət edən şəxsləri isə R.Fərəcov hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədlər verərək pullarını ələ keçirib. Bu yolla saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.