Mayın 6-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Bununla əlaqədər FHN mayın 5-də əhaliyə müraciət edib.
Gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xətti, ildırım ötürücüsü, antenaya yaxınlaşmamaq lazımdır. Həmçinin hündür ağacların altına sığınmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.