Ərzaq təhlükəsizliyi daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir. Bu barədə 30 aprel tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Məlumatda deyilir ki, dünyada neqativ meyillərin baş verdiyi, COVİD-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də müvafiq tədbirlər nəticəsində ölkəmizdə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməmişdir. Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə üzləşdiyini nəzərə alaraq əsas ərzaq məhsulları üzrə ehtiyatların monitorinqi aparılır, əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir.
Bir daha bildirilib ki, ərzaq ehtiyatları daim dövlətin nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
Qeyd edək ki, son günlər KİV-də bəzi ərzaq məhsullarının ehtiyatı barədə müxtəlif məlumatlar yayımlanıb.