Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb. Bu barədə Report 3 iyun tarixində xəbər verib.
Rayonun Çöhranlı kəndində yerli sakin, 35 yaşlı Rəmiş Nərimanov ona məxsus “VAZ 21015” markalı avtomobili evinin qarşısında saxlayıb.
Bu zaman avtomobilin mühərrik hissəsində elektrik naqillərində qısaqapanma baş verib və nəqliyyat vasitəsi anidən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Fakt araşdırılır.