Qaxda kənd sakinləri canavarın hücumuna məruz qalıblar. Bu barədə 24 fevral tarixində Apa.az məlumat verib.
Hadisə ötən gün axşam radələrində Ləkit kənd tam orta məktəbinin qarşısında baş verib. Ərazidə olan canavar kənd sakini, 74 yaşlı Qəhrəman Rəhimova hücum edərək onun hər iki əlinə və sol ayağının bud nahiyəsinə xəsarət yetirib.
Hadisə baş verən yerdən 100 metr məsafədə yerləşən dayanacaqda canavar digər kənd sakini, 60 yaşlı Hacı Hacıyevə hücum edərək ayağına xəsarət yetirib. Lakin H. Hacıyev köməyə gələn digər kənd sakinləri ilə birlikdə canavarı boğaraq öldürüb.
Hər iki şəxsə rayon xəstəxanasında lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.