Yardımlı rayonunda torpaq sürüşməsi olub və nəticədə yolda hərəkət məhdudlaşıb. Bu barədə Report 5 may tarixində xəbər verib.
Masallı-Yardımlı avtomobil yolunun 52-ci km-də yolun hərəkət zolağının 60 metrə yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı, piyada səkiləri də tamamilə dağılıb.
Dağıntı səbəbindən ərazidən keçən qaz xətti zədələnib. Lakin görülən təcili tədbirlər nəticəsində qaz xəttində yaranan qəza aradan qaldırılıb.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı aidiyyəti üzrə müvafiq dövlət qurumları məlumatlandırılıb.
Torpaq sürüşməsinə son günlər rayon ərazisinə yağan intensiv yağıntılar səbəb olub.