"Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasov azadlığa buraxılıb. Bu barədə Report 5 may tarixində xəbər verib.
Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, P.Abbasova təyin olunmuş 3 il həbs cəzasının 2/3 hissəsi başa çatıb. Məhkəmə məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək onu vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.
İttiham aktına əsasən, P.Abbasov həmin vəzifədə işləyərkən Q.Nəcəfov, V.Əliyeva, Ə.Hüseynov və S.Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb, şəxsi ehtiyaclarına sərf edib.