1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırımı olub. Bəşəriyyətə qarşı yönəlmiş Xocalı qətliamı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Bu il 1992-ci ilin 26 fevral gecəsində baş vermiş dəhşətli Xocalı Soyqırımından 33 il ötür.
İnsanoid.com-un həmsöhbəti, Xocalı sakini Şərqiyyə Hüseynova həmin gecə canından can itirən minlərlə insandan biridir.
Qışın oğlan çağında bitmək bilməyən 26 fevral gecəsi elə qorxunc mənzərələr görüb ki, 30 il ərzində hər dəfə bunları xatırlayanda yenə ağrıyır, yenə ağlayır. Unuda bilmir, unutmaq da istəmir.
Valideynləri Məhəmməd Salahov və Zəhra Salahova daxil olmaqla ailəsindən 6 nəfəri itirib.
Həmin gecəyə göz yaşları içərisində dönür:
“Ailə qurub Bakıya gəlmişdim. 24 yaşım vardı. Mən Bakıda, ailəmin digər üzvləri, anam, atam, qardaşlarım, həyat yoldaşımın ailəsi, bütün nəslimiz Xocalıda yaşayırdı. Fevralın 26-sı televizorda xəbər yayıldı: Ermənilər hücum edib, 2 nəfər ölüb. Sanki içimdə nəsə qopdu. Amma özümü sakit saxlamağa çalışdım. Hansı hislər keçirdiyimi başa sala bilmərəm. Ölənlər deputatımız və məktəb direktoru idi.
Bir az keçmişdi ki, yoldaşım evə gəlib “hazırlaş, səhər tezdən Ağdama gedirik. Deyirlər, Xocalıda nə isə olub” dedi. Bu sözdən sonra bildim ki, bizi orada heç də yaxşı şeylər gözləmir.
Səhər 9 olardı ki, Ağdama çatdıq. Amma elə bil qiyamət meydanına düşmüşdük. Xocalıdan qaçan, eşidib gələnlər hamı Ağdamda toplaşmışdı. Müğənni Məhəbbət Kazımovun qardaşı Qənimət qaçan əhaliyə evini açmışdı. Biz də ora getdik.
Ermənilərə nişan verilmişdi ki, raketi həmin həyətə atsınlar. Oradan qaçıb Ağdam məscidinin həyətinə sığındıq. Bura ölənlərin meyitlərini daşıyırdılar. Həyətdə üst-üstə meyitlər düzülmüşdü. Hamı vay-şivən içində ölülər arasında öz əzizlərini axtarırdı”.
Meyit tapanda sevinirdilər...
“Meyitlərə də işgəncə vermişdilər. Bəzilərinin başı yox idi, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmışdı. Kişi meyitlərinin çoxunun şalvarını soyundurmuşdular. Qız-gəlinlərin meyitlərinə baxmaq mümkün deyildi. Sinələrini kəsmiş, təcavüz etmişdilər. Bunları gördükcə girovda olanlar ağlımıza gəlir, tüklərimiz ürpənirdi. Qızının, gəlininin meyitini tapanlar şükür edirdilər. Deyirdilər ki, şükür, erməni əlinə düşmədi. Çox ölüləri tanımaq olmurdu. Anamızın meyiti Ağdama gəlib çıxanda ağlamadıq, sevindik. İnsan da ölüsünə sevinərmiş, ay Allah.
Həmin gecənin çox tez bitməsini istəyirdim. Yuxu kimi gəlirdi. Gördüklərimdən bədənimin bir hissəsi qurumuş, dilim tutulmuşdu. Danışa bilmirdim. Anamla atamı axtarırdıq. Dayım gəlib dedi ki, ananızı axtarmayın, qaçarkən meşədə vurublar. Atam da anamın meyitini götürəndə girov düşüb. Güllə anamın ağzından dəyib, boynundan çıxmışdı.
Sonradan bildim ki, anam, atam, yoldaşımın əmisi, əmisi arvadı, əmisi oğlu, baldızımın qızı olmaqla ailəmdən 6 nəfər həlak olub. Baldızımın qızı, 6 ayın gəlini Səadət hamilə idi. Ona da işgəncə verib, öldürmüşdülər. Güllə qarnındakı uşağı dəlib keçmişdi. Dayım qızı da eyni şəkildə. Qaçanda oğlu Samiri belinə şəlləmişdi, eyni güllə ilə ikisini də vurmuşdular”.
Donub ölən uşaq yuyanda ayıldı. Sağ vermək üçün 60 min rubl istəmişdilər, meyiti gəldi...
“2 yaşında oğlan uşağı var idi. Donub ölmüşdü. Yuyanda dirildi. Hamı heyrət içində idi. Ən qəribəsi isə onun ayılmağına sevinəcək heç kimi qalmamışdı, ailəsinin bütün üzvlərini öldürmüşdülər. İki saat sonra uşaq yenidən öldü. Bir də ayılmadı.
Dayım qızının meyitini bir Şuşa ermənisinə 25 min pul, benzin verib geri almışdıq. Atam düşmən əlində 40 gün girov qaldı. Allahverdi Bağırovun köməyi ilə geri ala bildik. Atamı sağ qaytarmaq üçün 60 min rubl istədilər. Pulu verdik, meyiti gəldi. İşgəncə ilə öldürmüşdülər. Son 10 gündə içməyə su da verməmişdilər.
Valeh adlı gitara çalan oğlanın dırnaqlarını kəlbətinlə çıxarıb, barmaqlarını qırıblar ki, sən musiqi çalıb, insanları əyləndirmisən. Atamın bədəni döyülməkdən gömgöy idi. Döyüləndə səsi çıxmırmış. Eləcə özü ilə bərabər girov düşmüş uşaqları qoruyurmuş”.
Fevralı ayı gələndə evə, eşiyə sığa bilmədiyini deyən Şərqiyyə xanımın gözləri uzaqlara dikilir:
“Bu ay hər gün sümüklərim yanır, sanki o gecəni təkrar-təkrar yaşayıram. O vəhşilikləri törədənlər insan ola bilməzdi. Düşmənə də arzu etmirəm o gecə yaşananları. Yer üzündə cəhənnəmi yaşadıq biz o gün. Allah bir daha yaşatmasın”.
Həmin gecənin faciəsindən çox söz deyə, çox hadisələr yaza bilərik. Allah bir daha yaşatmasın...
Fidan İlqar