Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 25 əməkdaşı “Bölmə və Qrup rəhbəri” kurslarını keçib. Bu barədə dekabrın 18-də ANAMA məlumat verib.
Təlimlər iki həftə davam edib. Burada xəritədən və kompasdan istifadə qaydaları, mina və partlamamış hərbi sursatların tanınması, partlayış növləri, təhlükəlilik kateqoriyaları, partlayıcı qurğuların zərərsizləşdirilməsi və s. öyrədilib.
İmtahandan 70 və daha yuxarı bal toplayan əməkdaşlar “Bölmə Rəhbəri” şəhadətnaməsini alır. Balı 80 və daha yuxarı olan şəxslər isə “Bölmə və Qrup Rəhbəri” şəhadətnaməsini alaraq aidiyyəti üzrə əməliyyatlara cəlb olunur.
Məlumata əsasən, ANAMA mütəmadi olaraq işçilərinə təlimlər və ixtisasartırma kursları təşkil edir.