Azərbaycanda fəaliyyət göstərən aqroparklarda 4000-dən çox işçi daimi, 5000-dən çox işçi isə mövsümi işlə təmin olunub. Bu haqda martın 17-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Xəbərdə qeyd olunub ki, gələcəkdə daha 5000-dən çox iş yerinin yaradılması planlaşdırılır.
2021-ci ildə aqroparklarda buğda, arpa, dən, qarğıdalı, şəkər çuğunduru, silos üçün qarğıdalı, pambıq, soya, yonca, süd və ət istehsal edilib.
2018-2021-ci illərdə aqroparklarda sahəsi 7600 hektardan çox olan intensiv meyvə bağları salınıb. Bu bağlarda alma, zeytun, badam, nar, üzüm, şaftalı və armud yığılıb. Ötən il 23 min tondan çox meyvə əldə edilib.
Hazırda Azərbaycanda 44 aqropark fəaliyyət göstərir.